Birinci fəsil. ÜMUMİ MÜDDƏALAR
Maddə 6-1. Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını təşkil edən və yerinə yetirən fiziki və hüquqi şəxslərin vəzifələri
I. Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını təşkil edən fiziki və ya hüquqi şəxslər həmin daşımaları həyata keçirən yük avtomobillərini və ümumi istifadədə olan nəqliyyat vasitələrini taxoqrafla təchiz etməlidirlər. Həmin daşımaları təşkil edən şəxslər və yerinə yetirən sürücülər müvafiq daşımaların taxoqraf olmadan, habelə taxoqrafın yoxlanması haqqında şəhadətnamə və ya müvafiq möhür olmadan, yaxud yoxlanma müddəti bitmiş və ya plomblanması pozulmuş, tamamilə və ya hər hansı funksiyası işləməyən taxoqrafla, taxoqrafın qeydiyyata aldığı məlumatlar saxtalaşdırılmaqla yerinə yetirilməsinə görə məsuliyyət daşıyırlar.
II. Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün iş və istirahət rejimi, nəqliyyat vasitələrinin taxoqrafla təchiz edilməsi, onlardan istifadə, onlara xidmət və fəaliyyətinə nəzarət qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.